Qərbi azərbaycanlıların qayıdış haqqı

Məlumdur ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış qurama dövlətdir. Qərbi azərbaycanlılar yüz illər idi ki, bu ərazilərdə yaşayıb, yaratmışdılar. Lakin tarixin müxtəlif çağlarında Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından məqsədli şəkildə deportasiya olunublar. Sovet hakimiyyətinin Qərbi azərbaycanlıların bu deportasiyasına göz yummaqda məqsədi Ermənistanı gələcək təhlükələrdən qorumaq olub. Buna görə də sovet rəhbərləri Qərbi Azərbaycanda etnik təmizləmənin aparılmasında Ermənistana dəstək veriblər. Məqsəd türksüz Ermənistan yaratmaq olub. Lakin ermənilər Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoysalar da, onları siyasi ambisiyalarından, Vətənə qayıdış istəyindən çəkindirə bilmədilər. Bu gün Qərbi azərbaycanılar öz ata-baba yurdlarına qaytımaq ideyası, arzusu ilə yaşayırlar. Bu, onların təbii, tarixi, insani olaraq qayıdış haqqıdır…

Əsli Qərbi Azərbaycandan olan birisi olaraq mən də bu amalla yaşayıram. Mənim ata babam Məhərrəmov Nüsrəddin Xudaverdi oğlu və nənəm Məhərrəmova Qiymət Qəhrəman qızı 1937-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun (Sisian) Agüdü kəndindən Füzuli rayonuna deportasiya olunublar. Onların qohumlarının bir hissəsi isə hələ 1915-ci ildə bura zorla köçürülmüşdür. Babamı görməsəm də, nənəmin Qərbi Azərbaycan haqqında danışdıqlarını xatırlayıram və bir ömür onun danışdıqlarını hələ xatırlayacam. Nənəm bizlə yaşayırdı. O, həmişə ermənilərin onlara etdikləri zülmlərdən danışırdı. Ermənlərin soydaşlarımıza etdikləri əziyyətləri, otlaqlardan heyvanları oğurlamalarından söz açardı. Yəni onların başlarına ermənilər çox müsibətlər açmışdılar. Deportasiya olunanda da ağılagəlməz əziyyətlər çəkibmişlər. Nənəmin ata və anasını, qardaşlarının hamısını deportasiya zamanı ermənilər gözlərinin qarşısında öldürüblər. Bir ailədən təkcə nənəm sağ gəlib bura çıxmışdır. Nənəm ölənə qədər ürək ağrısı ilə həmin günləri xatırlayırdı.

Deportasiya olunanda nənəm özü ilə müxtəlif qablar; səhəng, məcməyi, qaşıq və s. həmçinin kəmər, dəmir pullar gətirmişdi. Ömrünün son gününə kimi onları doğma torpağından xatirə olaraq saxladı. Mən gözümü açandan o qabları bizim həyətdə görmüşdüm. Nənəmin gətirdiyi məcməyinin tarix çox qədim idi. Üzərində ərəbcə naxışlı yazılar var idi. Sonradan onların bir hissəsini atam Füzilidə muzeyə təqdim etdi. Bir hissəsi də biz Füzulidən məcburi köçkün olanda orada qaldı.

Nənəm çox qoçaq, təşkilatçı qadın olub. Babam ferma müdiri olduğundan nənəm həmişə at sürürmüş. Babama fermanın işlərində kömək edirmiş. Həmişə deyirdi ki, oralar cənnətdir.

Xalq yazıçısı Əli Vəliyev Qiymət nənəmin xalası oğlu idi. Xatırlayıram Əli Vəliyev Füzulidəki evimizə tez-tez gələrdi və nənəmlə Agüdü kəndindəki günləri, ermənilərin onlarına başına gətirdiyi müsibətlərdən danışardılar. Hətta Əli Vəliyev “Budağın xatirələri” kitabında nənəmgilin ailəsi haqqında da məlumat vermişdir.

Nənəm oranın bayatıların deyirdi. Bəzən də bayatıları deyərkən ağlayırdı. O, anasına, atasına, qardaşlarına ağlayırdı. Beləcə, nənəm 1984-cü ildə dünyadan gözüyaşlı torpaq həsrəti nisgili ilə köçdü.

Qərbi Azərbaycanla bağlı mənim fəallığımda Qiymət nənəmdən eşitdiyim ürəkdağlayan faktarın da rolu var. Çünki mən ağlım kəsəndən nənəmdən əsasən erməni vəhşliyi, Qərbi Azərbaycandan min bir əzəb-əziyyətlə deportasiya olunmaları və geri qaytmaq arzusu ilə bağlı danışdıqlarını eşitmişəm. Təəssüf ki, ona öz doğma torpaqlarına qayıtmaq qismət olmadı. İnşallah, bizlərə oralara getmək nəsib olar.

Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri

Səadət Məhərrəmova

Oxşar xəbərlər