Casus şəbəkəsinin ifşası Fransaya böyük dərsdir – DEPUTAT

“Sirr deyil ki, Fransa və bir sıra dövlətlər xüsusilə ciddi geosiyasi və geoiqtisadi maraqlara malik olduqları ölkələrdə vəziyyəti nəzarətdə saxlamaq, proseslərə təsir göstərmək imkanlarını yaratmaq və genişləndirmək üçün casus şəbəkələrindən geniş istifadə edirlər. Xüsusən, Cənubi Qafqaz regionunda, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində Fransanın geniş kəşfiyyat şəbəkəsinin olması təəccüb doğurmur”. 
Kanal 20 TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Azərbaycan” qəzetinə Fransanın casus şəbəkəsinin ifşa olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Bu halların aşkarlanmasının və casus şəbəkəsinin fəaliyyətinin dayandırılmasının vacibliyinə toxunan deputat qeyd edib ki, agent şəbəkələri fəaliyyət göstərdikləri ölkələrin daxili siyasi sabitliyi, onların müstəqil siyasətləri üçün təhlükədir. Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları, Fransa və Avropanın bir sıra dövlətləri də ayrı-ayrı ölkələrdə agent şəbəkələrini yaradaraq oradakı proseslər, vəziyyət haqqında məlumatlar əldə edirlər. Sonrakı mərhələdə isə prosesləri yönləndirmə cəhdlərini ortaya qoyurlar. “Hətta bir çox hallarda belə agent şəbəkələri vasitəsilə siyasi rejimlərin dəyişdirilməsi cəhdləri də müşahidə olunur. Fransa, ABŞ kimi ölkələr müxtəlif yerlərdə onlara loyal münasibət bəsləyəcək rejimlər formalaşdırmaqda maraqlıdırlar. Məsələn, bir müddət əvvəl Gürcüstan xüsusi xidmət orqanları belə bir şəbəkənin cəhdlərinin qarşısını aldı”, – deyə deputat əlavə edib.
Postsovet ölkələrinin əksəriyyətində bu cür casus şəbəkələrinin mövcud olduğunu deyən E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları belə hallara qarşı hər zaman ayıq-sayıqdır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə bütün təsirli tədbirləri görməklə yanaşı, preventiv addımlar atmaq təcrübəsini və bacarığını da nümayiş etdirir. 
Deputat vurğulayıb ki, Fransanın ölkəmizdəki səfirliyi nəzdində casus şəbəkəsinin fəaliyyətinin qarşısının alınması Azərbaycanın iradəsini, gücünü, Fransa xüsusi xidmət orqanlarının isə artıq zəif durumda olduğunu nümayiş etdirir:  “Təsadüfi deyil ki, Fransa Müdafiə Nazirliyinin xarici Təhlükəsizlik İdarəsinin rəhbəri Bernard Emyer Fransa prezidenti tərəfindən vəzifəsindən azad olundu, o, başqası ilə əvəzləndi. Bu kimi halların qarşısının alınması həm də Fransa kimi neoimperializm, neokolonializm təfəkkürü ilə yaşayan ölkələrə təsirli dərsdir”.

Oxşar xəbərlər