“Mən peyğəmbər deyiləm…” böyük maraq doğurdu

Dünən Beynəlxalq Muğam Mərkəzində (BMM) “BakuOperArt”ın layihəsi çərçivəsində dahi rus bəstəkarı S.V.Raxmaninovun romanslarından ibarət kamera-vokal konserti keçirildi. Bu gün dünya musiqi mədəniyyətində özünəməxsus yerə malik görkəmli bəstəkar S.V.Raxmaninovun anadan olmasının 150 illik yubileyi münasibətilə bir sıra ölkələrdə konsert proqramları keçirilir.

Newsmedia xəbər verir ki, gecədə  S.Raxmaninovun bir-birindən gözəl, insanın ruhunu oxşayan musiqi nümunələri ilə, düşünməyə sövq edən poeziyanın fərqli səs tembrinə malik ifaçıların  çıxışları dinəyicilərin marağına səbəb oldu.

“Mən peyğəmbər deyiləm…” adı ilə maraq doğuran konsertin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının müəllimi Yuliya Kərimova (piano) solistlər Əməkdar artistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton )uğurlu peformans nümayiş etdirdilər. 

Konsertin proqramı çox mürəkkəb idi. Burada süjet xəttinə uyğun olaraq proqram qurulmuşdu. Mürəkkəb idi ona görə ki, burada hər ifaçının, hər səsin öz funksiyası var idi və doğrusu kontratenor səs ilə ifa xüsusi ilə çətin idi. Qeyd edim ki, kontratenor ifaçılar adətən Raxmaninovun əsərlərinə müraciət etməkdən çəkinirlər. Onlar əsasən qədim ariyalar ifa edirlər. 

Bütövlükdə bütün solistlər uğurlu çıxış etdilər və auditoriyanın alqışlarını qazandılar. Konsert bitdikdən sonra Əməkdar artist İlham Nəzərovun fikirlərini öyrəndik. O qeyd etdi ki, istər ayın 15-də elə bu zalda isveçrəli bəstəkar Hans Huberin Mirzə Şəfinin şeirlərinə yazılmış vokal məcmuəsini ifa edərkən, istərsə də bu günkü çıxışımı edərkən böyük məsuliyyət hiss daşıdığımı hiss edirdim. Həm tamaşaçı önündə olmaq, həm də korifeylərin şərəfinə təşkil olunmuş konsretlərdə musiqi səhnəsini bölüşmək çətin də olsa, maraqlı, eyni zamanda şərəflidir.  

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadənin də fikirlərini öyrəndik. O qeyd etdi ki, Raxmaninovun romanslarından ibarət  konsert proqramının adı bəstəkarın əlamətdar vokal  əsərindən əxz olunmuşdu: Mən Peyğəmbər deyiləm… 

Şair A.Kruqlovun sözlərinə yazılmış bu romansda “Mən Allahın lütfü ilə müğənniyəm- silahım da lira” misrası olduqca səciyyəvidir. Sözügedən konsertdə məhz belə – Allahın lütfü ilə musiqiçi olan sənətçilər qarşımızda idi: yaradırdılar, hər sözü çalarlandırmağa çalışırdılar – həyat yaşayırdılar. O müğənnilər artıq mütəxəssislərin rəğbətini qazanmış  Fəridə Məmmədova, İlham Nəzərov və Mahir Tağızadə idi. Kamera vokal ifaçılığı çox mürəkkəb bir sənətdir: nə tərəf-müqabil, nə dekorlar, nə də xilasedici mizan var. Səhnədə sənsən, sənin səsin və sənin dinləyicilərin. Səslə obraz yaradılmalıdır. 

Z. Dadaşzadə bildirdi ki, bu axşam mahir musiqiçilər öz ürəklərinin hərarətini – sənətini bizimlə bölüşdülər. Hiss olunur ki, böyük və gərgin iş aparılıb, odur  ciddi və sanballı – bitkin kompozisiya  ərsəyə gətirilmişdi. Romansların ardıcıllığı  özünəməxsus dramaturgiyaya tabe olunmuşdu. Belə ki, konsertin  kulminasiyası da, lirik haşiyələri də, baməzə məqamları da var idi. İnsan konsepsiyasının bütün tərəfləri – təzahürləri bu proqramda əksini tapmışdı. Az-az ifa olunan vokal miniatürlərin ifası konsertə özəllik aşıladı. Gənclik-tələbəlik illərində Raxmaninovu çox dinləyirdim – amma bu gecə səslənənlərin bir hissəsini sanki özüm üçün kəşf etdim. Mahirdə məharət, İlhamda böyük şövq, Fəridədə  misilsizlik –adlarına uyğun – duyub, hər üçünün  ustalığına heyran oldum.  Özü də bu musiqiçilər elə sənətkardır ki, səhnədə özlərini tam sərbəst hiss edirlər, kiçik, incə ştrixlər vasitəsilə yığcam romansların obrazını dərinləşdirirlər. Əlbəttə, Yuliya Kərimova kimi pianoçunun rolunu xüsusi vurğulamalıyam. Onun hər bir vokalçı ilə dialoqu isə unikal idi. Piano vokalı tamamlayır, zənginləşdirir, mühüm əlavələr edirdi. Pianoçu və vokalçılar  məsləkdaş kimi çıxış edirdilər. Bütün ifaçıları ürəkdən təbrik edirəm. Bu konsert, şübhəsiz,  musiqi həyatımızın əsl hadisəsi oldu.

Beləcə, dünənki konsert sözün həqiqi mənasında zövqümüzü oxşadı. Ümid edirik ki, gələcəkdə digər vokal ifaçılarımız da belə ciddi proqramlarla musiqisevərlərin qarşısında çıxış edəcəklər. 

Anar Əli

Oxşar xəbərlər