Aİ fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib

Avropa İttifaqı (Aİ) iyunun 6-sı səhər saatlarında Kaxovka su anbarının vurulması ilə əlaqədar yaranan fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib. Yardımın tərkibinə Avstriya, Almaniya, Litvanın su konteynerləri, nasoslar, düşərgə çarpayıları və müvəqqəti sığınacaq üçün materiallar daxil edilib. Qeyd edək ki, su anbarının partladılması nəticəsində hazırda Dnepr çayı boyunca ərazilər, Xerson vilayətinin böyük bir hissəsi su altındadır. Rizvan FİKRƏTOĞLU

Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib. Rizvan FİKRƏTOĞLU

“Atmaca” hədəflərinə zərbələr endirib

Türkiyənin “Atmaca” raketi bu yaxınlarda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olub. Türkiyənin yerli ROKETSAN şirkətinin istehsalı olan bu raket ölkənin ilk dəniz raketi hesab olunur. Şirkətin hazırladığı yeni videoda “Atmaca”nın hədəfini vurduğu anlar yer alıb. “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir. Rizvan FİKRƏTOĞLU

ABŞ Ukraynaya əlavə yardım paketləri hazırlayır

ABŞ Kaxovka Su Elektrik Stansiyasının (SES) partlayışının fəsadlarının aradan qaldırılması məqsədilə Ukraynaya əlavə yardım paketləri hazırlayır. Yardımlar beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək. Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, yeni yardım paketləri təhlükəsizlik sektoruna aid olacaq. Qeyd edək ki, dünən Kaxovka SES-də partlayış fəsadlara yol açıb. Partlayışın Rusiya, yoxsa Ukraynanın törətməsi isə mübahisə doğurur, tərəflər bir-birini ittiham edirlər. Rizvan FİKRƏTOĞLU

BMT TŞ-yə yeni qeyri-daimi üzvlər seçilib

193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib. Qayana 191, Syerra-Leone 188, Əlcəzair 184, Cənubi Koreya 180, Sloveniya isə 153 səslə üstünlük qazanaraq, qeyri-daimi üzv seçiliblər. Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olmaqla, 2 il fəaliyyət göstərəcəklər. Rizvan FİKRƏTOĞLU

ABŞ İrana raket proqramı ilə bağlı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, Çin və Honq-Konqda İran İslam Respublikasının ballistik raket proqramı ilə bağlı sanksiya tətbiq edib. Bununla bağlı ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib. Bildirilib ki, sanksiya 7 fiziki və 6 qurumdan ibarət şəbəkəyə aid edilib. Bu şəbəkə əməliyyatlar aparmaqla İranın ballistik raket proqramının inkişafı üçün kritik hissələrin və texnologiyaların alınmasını asanlaşdırırmış. Rizvan FİKRƏTOĞLU